SİYASƏT
Azərbaycanın Rusiyadakı səfirliyi Rövşən Kazımovun hüquqlarının müdafiəsi üçün vəkil tutmuşdur
Moskva, 6 noyabr (AZƏRTAC). Azərbaycanın Rusiyadakı səfirliyi 14 yaşlı azərbaycanlı oğlan, əlil Rövşən Kazımovun noyabrın 1-də Zelenoqradda vəhşicəsinə döyülməsi barəsində işin araşdırılmasının gedişini nəzarətdə saxlayır.
Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda iş üzrə şübhəli bilinən, Zelenoqradda doğulmuş Mixail Valeryeviç Lısakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsi ilə saxlanmışdır.
Səfirlik istintaqın və məhkəmə instansiyalarında işə baxılmasının gedişində Rövşən Kazımovun hüquqlarının müdafiəsi üçün vəkil tutmuşdur. Əlil yeniyetmənin döyülməsi işi bundan sonra da Azərbaycan səfirliyinin nəzarətində olacaqdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva