SİYASƏT
Azərbaycanın sabitlik adasına çevrilməsi onun böyük şirkətlər üçün cəlbediciliyini artırır
![Azərbaycanın sabitlik adasına çevrilməsi onun böyük şirkətlər üçün cəlbediciliyini artırır](/files/2023/1/1200x630/16739662502608155719_1200x630.jpg)
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli diplomatik əlaqələr müstəqilliyin ilk illərindən inkişaf etməyə başlayıb. BƏƏ Azərbaycanı həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq platformalar çərçivəsində hər zaman dəstəkləyib. Qarşılıqlı etimadın yaranmasında hər iki dövlətin rəhbərliyinin müstəsna xidmətləri olub. Siyasi münasibətlərin möhkəmliyinin növbəti təzahürləri kimi iqtisadi və mədəni əlaqələrin inkişafını qeyd edə bilərik. Həmçinin hər iki ölkənin bir neçə istiqamətdə ortaq dəyərləri də buna təsir edən amillərdəndir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, paytaxt Əbu-Dabi şəhərində 2008-ci ildən ənənəvi olaraq keçirilən və dünyanın nüfuzlu elm adamlarının, sahibkarların qatıldıqları Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı Azərbaycan-BƏƏ münasibətlərində yeni səhifə açacaq.
“Qeyd edək ki, BƏƏ Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq-bərpa işlərində, infrastruktur layihələrində fəal iştirak etmək istəyən dövlətlərdən sayılır. 2022-ci ilin martında Azərbaycanın Energetika Nazirliyi ilə BƏƏ-nin “Masdar” şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdı. Memorandumda bərpaolunan və təmiz enerji sahəsində əməkdaşlıq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaşıl enerjinin tətbiqini özündə ehtiva edən investisiya imkanları nəzərdə tutulur. Xatırladaq ki, “Masdar” şirkəti BƏƏ, Misir, Böyük Britaniya, ABŞ, İndoneziya da daxil olmaqla, 40-dan çox ölkədə fəaliyyət göstərir. Belə nüfuzlu və məşhur şirkətin Azərbaycana maraq göstərməsinin təməlində təkcə ikitərəfli münasibətlərin yüksək səviyyədə olması deyil, həm də Azərbaycanın postmüharibə dövründə artan nüfuzu, sabitlik adasına çevrilməsi və biznes mühitinin böyük şirkətlər üçün cəlbedici olması amilləri də müstəsna rol oynayır”, - deyə politoloq vurğulayıb.
Tural Əliyev əlavə edib ki, qarşılıqlı siyasi, diplomatik, iqtisadi münasibətlərin dinamikası yüksələn xətlə inkişaf etdikcə Azərbaycanla BƏƏ arasında xarici ticarət əlaqələri də mühüm mərhələyə daxil olacaq. İdxal və ixrac potensialının ümumi dəyərləndirilməsi, yaxın zamanlarda iki dövlət arasında xarici ticarət dövriyyəsinin artacağı gözləntiləri real rəqəmlərlə müşahidə olunacaq. Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ölkəmizin ərəb dünyası ilə inteqrasiya prosesində mühüm addımdır.