Azərbaycanın turizm agentliklərinin nümayəndələri Dərbənddə olublar
Moskva, 25 may, AZƏRTAC
Dərbənd Şəhər Administrasiyasının mədəniyyət və turizm şöbəsinin dəstəyi ilə “Alıye parusa” mehmanxana kompleksində Azərbaycanın turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə müxtəlif idarə və ictimai təşkilatlardan qonaqlar, habelə turizm sahəsi ilə əlaqədar olan sahibkarlar dəvət ediliblər. Azərbaycanın turizm şirkətlərini “ATC Travel”in həmtəsisçiləri Anar Hacıyev, Elnur Bəşirov, “Hotels Group LLC” şirkətinin satışlar və marketinq şöbəsinin direktoru Elnarə Fərzəli təmsil ediblər.
Dərbənd Şəhər Administrasiyasının mədəniyyət və turizm şöbəsinin rəisi Səid Abdullayev sözü Azərbaycandan olan qonaqlara verib. Elnarə Fərzəli və Anar Hacıyev Azərbaycan ilə Dağıstan arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Şəhər administrasiyasının gənclər siyasəti şöbəsinin mütəxəssisi Bayram Məmmədov uşaqlar, əlillər və məktəblilər üçün birgə turizm gəzintilərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın “Dərbənd” xeyriyyə cəmiyyəti sədrinin müavini Tofiq Bağırov, “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun sədri Rafiq Mövsümov, Dərbənd azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Telman Tahirli də tədbirdə iştirak ediblər.
“Dəyirmi masa” iştirakçıları səmərəli söhbətə görə təşkilatçılara təşəkkür edərək, hamıya uğurlar və maraqlı görüşlər arzulayıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva