Azərbaycanın Ukraynadakı səfirliyində görüş
Kiyev, 24 may, AZƏRTAC
Bu gün, mayın 24-də Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev Kiyevdə olan Türkiyənin Kırklareli şəhəri universitetinin rektoru, professor Mustafa Aykaç ilə görüşüb.
Görüşdə elm-təhsil sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Diplomat həmsöhbətinə Azərbaycan ilə Ukrayna arasında bu sahədə sıx əlaqələr, tələbə mübadiləsi və digər məsələlər barədə danışıb. Nazim Əliyev bildirib ki, hazırda Ukraynada yeddi mindən çox azərbaycanlı tələbə və magistrant təhsil alır. O, Bakı Slavyan Universiteti və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutu arasında qarşılıqlı faydalı münasibətləri nümunə göstərib.
Diplomat vurğulayıb ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Azərbaycan Şərqin ən tolerant dövlətdir. N.Əliyev xüsusi qeyd edib ki, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanlar Azərbaycanda sülh və dostluq şəraitində yaşayır.
Professor M.Aykaç Azərbaycan cəmiyyətində tolerantlığın yüksək səviyyəsini təsdiq edərək, tədris prosesində Azərbaycan-Türkiyə-Ukrayna münasibətlərindən məmnunluğunu ifadə edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev