AZƏRBAYCANIN UNİVERSAL DÖYÜŞÇÜLƏRİ QİTƏ ÇEMPİONATINDA UĞURLU ÇIXIŞ ETMİŞLƏR
Bakı, 23 sentyabr (AZƏRTAC). Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə kişi və qadınlar arasında keçirilən V Avropa çempionatına yekun vurulmuşdur. Qitənin ən güclüsü adı uğrunda mübarizəyə 22 ölkədən 150 idmançı qoşulmuşdur. 30 hakimin idarə etdiyi yarışda ölkəmizi iki heyətdə 35 idmançı təmsil etmişdir.
Layt və klassik növ üzrə təşkil olunan yarışların baş hakimi beynəlxalq ekstra klass dərəcəli hakim, rusiyalı Andrey Çumlyakov, baş hakimin köməkçisi isə beynəlxalq dərəcəli ədalət təmsilçisi, Azərbaycan yığmasının baş məşqçisi Fərhad Ocaqverdiyev olmuşdur.
Çempionatın ilk günü kişi və qadınlar arasında layt versiyası üzrə keçirilən yarışlarda Azərbaycan yığması 7 qızıl medal qazanmışdır və ümumi hesabda birinci yerə layiq görülmüşdür. İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Rusiya və Ukrayna idmançıları qərarlaşmışlar.
Növbəti iki gün döyüşçülər klassik növdə qüvvələrini sınamışlar. Çempionatın sonuncu günü - bu növ üzrə final görüşləri keçirilmişdir. Komandamızın aktivinə qızıl medalları zərif cinsin nümayəndələri yazdırmışlar. Nazənin Məmmədova (48 kq), Gülnar Gülməmmədova (52 kq), Gözəl Zutova (70 kq) birinci yeri tutmuşlar. Afaq Cavadova isə gümüş medal əldə etmişdir. Məsməxanım Səlimova (48 kq) və Aynur Rzayeva (78 kq) bürünc medal qazandılar.
Kişilər arasında Xəyyam Səfixanov (70 kq), Anar Məmmədov (90 kq) gümüş, Fəqan Məmmədov (60 kq), Sənan Behbudov (65 kq), Məcnun Əhmədov (65 kq), Bəxtiyar Arzumanov (70 kq), Nicat Tağıyev (75 kq), Şöhrət Məmmədov (80 kq), Musa Mirzəzadə, Əli Mirələkbərli (hər ikisi 85 kq), Elnur Həmidov (90 kq), Valeh Əmirəliyev (95 kq), Bəhruz Fərhadov, Ramin Məhərrəmov (hər ikisi 95 kq-dan yuxarı) bürünc medallara sahib çıxmışlar.
Yığmamız 3 qızıl, 3 gümüş və 14 bürünc medalla ümumi hesabda ikinci olmuşlar. Rusiya komandası birinci, Latviya millisi isə üçüncü yeri tutmuşdur.