AZƏRBAYCANIN VƏ FİNLANDİYANIN FUTBOL ÜZRƏ YIĞMA KOMANDALARI LƏNKƏRANDA GÖRÜŞMÜŞLƏR
Lənkəran, 5 sentyabr (AZƏRTAC). Sentyabrın 5-də 2010-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lənkəran şəhər stadionunda futbol üzrə Azərbaycanın və Finlandiyanın yığma komandalarının görüşü olmuşdur.
Görüşün baş hakimi Stelios Trifonos, onun köməkçiləri İoannu Atinodoros və Andreas Papanaitu (hər üçü kiprli) idi. Matçın inspektoru Oğuz Sarvan (Türkiyə), komissarı Rudi Zavrl idi (Sloveniya).
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts bu oyuna Kamran Ağayev, Saşa Yunusoğlu, Vladimir Levin, Ruslan Abışov, Mahir Şükürov, Elnur Allahverdiyev, Rəşad Sadıqov, Samir Abbasov, Elvin Məmmədov, Vüqar Nadirov və Vaqif Cavadovu dəvət etmişdi.
Finlandiya yığma komandası Yussi Yaskelaynen, Petri Pasanen, Xanu Tixinen, Sami Hyuyulya, Niklas Moisander, Aleksey Yeryomenko, Teemu Tainio, Veli Lampi, Markus Heykkinen, Conatan Yohansson və Şefki Kuqidən ibarət heyətdə çıxış etmişdir.
Bu görüş Azərbaycan idmanının tarixinə ölkənin yığma komandasının regionda keçirdiyi matç kimi daxil oldu. Azərbaycan futbolçularını paytaxtdan Lənkərana gəlmiş azarkeşlərlə bərabər qonşu rayonlardan olan çoxsaylı futbol pərəstişkarları da dəstəkləyirdi.
Görüşün 49-cu dəqiqəsində Elvin Məmmədov hesabı açdı, lakin 75-ci dəqiqədə Markus Heykinen hesabı bərabərləşdirdi. Oyunun başa çatmasına az qalmış, 86-cı dəqiqədə isə Conatan Yohansson Azərbaycan yığma komandasının qapısına daha bir qol vurdu. Görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatmışdır.
######
