Azərbaycanın və İtaliyanın Paralimpiya komitələri arasında əlaqələr qurulur
Bakı, 25 iyul, AZƏRTAC
Paracüdo üzrə Azərbaycan milli komandası Avropa çempionatında iştirak etmək üçün İtaliyanın Genuya şəhərindədir. İyulun 23-29-da keçirilən yarış "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da bu günlərdə İtaliya Paralimpiya Komitəsinin dəvəti ilə Genuyada səfərdədir.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 23-də start götürən və iyulun 29-dək davam edəcək çempionat “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
İ.Rəhimov səfər çərçivəsində İtaliya Paralimpiya Komitəsinin prezidenti Luka Pakalli ilə görüşüb.
Görüşdə paralimpiya hərəkatının inkişafı sahəsində əldə olunmuş təcrübə və əməkdaşlıq sahəsində ətraflı müzakirələr aparılıb. Müzakirələrin yekununda birgə layihələrin həyata keçirilməsi və uşaq paralimpiya hərəkatının inkişafı sahəsində Azərbaycanın təcrübəsinin İtaliyada tətbiq edilməsi qərara alınıb.
İ.Rəhimov, həmçinin İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyasının prezidenti Sandro Di Cirolamo ilə də görüşüb. Söhbət zamanı cari ilin mayında Bakıda imzalanmış “Azərbaycan Milli Paralimpiya Komitəsi ilə İtaliyanın Görmə Məhdudiyyətli Şəxslərin Paralimpiya İdman Federasiyası arasında əməkdaşlıq haqqında” Memoranduma uyğun olaraq, görüləcək işlər və İtaliya Paralimpiya Komitəsinin bu sahədə rolu geniş müzakirə edilib.
İlqar Rəhimov Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının (IBSA) idarə heyətinin üzvü, Rusiyanın Gözdən Əlillər İdman Federasiyasının prezidenti, Rusiya Paralimpiya Komitəsinin vitse-prezidenti Lidiya Abramova ilə də görüşüb. Görüşdə paralimpiya idmanı sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılıb.