Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı layihələr regional məsələlərin həllinə təkan verir
Bakı, 26 sentyabr, AZƏRTAC
Naxçıvanda İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasiminin keçirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində ən önəmli hadisələrdən biridir. Azərbaycan və Türkiyə dövlət başçılarının da bəyan etdiyi kimi, bu kəmərin çəkilişi əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
İğdır-Naxçıvan qaz kəmərinin Azərbaycanla Türkiyənin enerji sahəsində ortaqlığını daha da dərinləşdirəcəyini, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcəyini qeyd edən deputat Naxçıvanın strateji əhəmiyyətinə diqqət çəkərək deyib: “Əlverişli coğrafi mövqeyə malik olan bu bölgənin Azərbaycanla Türkiyə əlaqələrində xüsusi yeri var. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə mövcud potensialı tam mənasında həyata keçirmək imkanı yaranacaq. Ümumiyyətlə, Azərbaycanla Türkiyənin birgə reallaşdırdığı layihələr iki qardaş ölkənin bir-birinə yaxınlığının növbəti sübutu olmaqla yanaşı, həm də regional məsələlərin həllinə və inkişafına təkan verir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan və Türkiyənin müştərək maraqları bölgədə sülh və əmin-amanlığın təminatına yönəlib”.
K.Nurullayeva diqqətə çatdırıb ki, iki il əvvəl imzalanan və münasibətlərimizi yeni müstəviyə qaldıran Şuşa Bəyannaməsi bütün istiqamətlər üzrə əlaqələrin inkişafına təkan oldu. Bu gün Ankara ilə Bakı münasibətlərin ən fəal dövrünü yaşayır. Azərbaycan və Türkiyənin dövlət başçıları Naxçıvanda Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardılar. Hazırda hədəf yaxın aylarda bu yolun imkanlarını 5 dəfə artırmaqdır. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla davam edir.
“Naxçıvan görüşündə tərəflər Qars-Naxçıvan dəmir yolu layihəsi, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr imzalamaqla nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələri inkişaf etdirməklə bağlı iradəni bir daha ortaya qoydular. Bərpa-istehsalat hərbi kompleksinin açılışı isə müdafiə sənayesi sahəsində əməkdaşlığa ciddi töhfədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məhz lokal xarakterli antiterror tədbirlərindən sonra Naxçıvana səfər etməsi xüsusi önəm kəsb edir. Azərbaycan və Türkiyə liderlərinin də bəyan etdiyi kimi, artıq bölgədə əhatəli normallaşma üçün yeni fürsət yaranıb. Bu fürsətin dəyərləndirilməsi isə olduqca vacibdir. Görünən budur ki, Azərbaycan və Türkiyə əməkdaşlığının regional təhlükəsizlik baxımından əhəmiyyəti getdikcə daha da artır. Mövcud reallıqlar fonunda istənilən təhdidə qarşı iki qardaş ölkə birgə mübarizə aparır”, - deyə Könül Nurullayeva bildirib.