AZƏRBAYCANLI DEPUTATIN TƏKLİFLƏRİ QƏBUL EDİLMİŞDİR
Milli Məclisin deputatı Bəxtiyar Əliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycanda, Gürcüstanda və Ermənistanda qaçqınlar və məcburi köçkünlər probleminə həsr edilmiş məruzədə 2002-ci ildə qəbul edilmiş 1570 nömrəli tövsiyələrin regionda necə yerinə yetirildiyi araşdırılmışdır.
Deputat demişdir: “Əlbəttə, məruzədə bizi narahat edən və razı salmayan bəzi məqamlar vardır. Biz, xüsusilə, qaçqın və məcburi köçkünlərin sayı ilə bağlı rəqəmlər ətrafında fikir mübadiləsi apardıq, məsələyə aydınlıq gətirdik.
Məruzənin qətnamə layihəsi də ciddi mübahisələrə səbəb oldu. Biz layihəyə müəyyən düzəlişlər edilməsi barədə təkliflər verdik və onlar geniş müzakirələrdən sonra qəbul edildi. Onların arasında ikisini xüsusi qeyd etmək istəyirəm. Əvvəla, layihədə yenidən yazıldı ki, işğal edilmiş Azərbaycan ərazilərində heç kim yerləşdirilə bilməz və bu, qarşıya bir tələb kimi qoyuldu.
İkincisi, qeyd edildi ki, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması münaqişənin sülh yolu ilə həlli tam başa çatanadək təmin edilməlidir. Yəni, danışıqlarda, ilk növbədə, məcburi köçkünlərin öz ata-baba ocaqlarına qayıtmalarına nail olmaq lazımdır. Belə hesab edirəm ki, bu məsələ ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Çünki Azərbaycanda təkcə məcburi köçkünlərin sayı 780 mindən artıqdır. Bunlar, erməni silahlı birləşmələrinin Dağlıq Qarabağ və işğal olunmuş ətraf ərazilərdən silah gücünə zorla çıxardıqları əhalidir. Ermənistana gəldikdə isə orada bir nəfər olsun belə məcburi köçkün yoxdur. Bu məsələ ciddi mübahisə doğurdu, lakin səsvermə zamanı komitə üzvlərinin əksəriyyəti bizim təklifimizi dəstəklədi”.