Azərbaycanlı gənclər Misirdə keçirilən IV Dünya Gənclər Forumunda iştirak edirlər VİDEO
Qahirə, 10 yanvar, AZƏRTAC
Misirin Şarm əl-Şeyx şəhərində 190-dan çox ölkəni təmsil edən gənclərin qatıldıqları IV Dünya Gənclər Forumunun açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə keçirilən Forumda azərbaycanlı gənclər də iştirak edirlər.
“Yenidən birlikdəyik” devizi altında təşkil olunan Forumun açılış mərasimində Misir Prezidenti Əbdülfəttah əl-Sisi, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, İordaniyanın vəliəhd şahzadəsi Hüseyn bin Abdulla və Livanın Baş naziri Nəcib Mikati iştirak ediblər. Mərasimdə BMT-nin baş katibi Antonio Quterreşin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus, Dünya Bankının prezidenti Devid Robert Malpassın videomüraciətləri dinlənilib. Müraciətlərdə COVID-19 pandemiyasına və iqlim dəyişikliyinə qarşı mübarizədə, qlobal problemlərin həllində, dünyada sülhün və sabitliyin təmin edilməsində gənclərin rolunun əhəmiyyəti vurğulanıb.
Çıxışında dünyanın müxtəlif ölkələrindən gəlmiş gəncləri salamlayan Prezident Əbdülfəttah əl-Sisi qeyd edib ki, ayrı-ayrı irqlərə, xalqlara və dinlərə mənsub gənclərin bəşəriyyətin beşiyi olan Misirdə növbəti dəfə bir araya gəlmələri və qlobal problemləri müzakirə etmələri əlamətdar hadisədir. Dövlət başçısı forumun işinə uğurlar arzulayıb.
Açılış mərasimindən sonra gənclər aktual mövzulara həsr olunmuş iclaslarda ekspertlərin iştirakı ilə müzakirələr aparıblar.
Forum yanvarın 13-dək davam edəcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə