AZƏRBAYCANLI GƏNCLƏRİN TƏKLİFLƏRİ MARAQLA QARŞILANMIŞDIR
YAP Gənclər Birliyinin sədri Ramil Həsənov, “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçiləri Ceyhun Osmanlı və Röya Talıbova sentyabrın 18-20-də Antalyada Türkdilli dövlətlərin və topluluqların 10-cü dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının gənclər və beynəlxalq əlaqələr komissiyalarının işində iştirak etdiklərini, onların bir sıra təkliflər verdiklərini söyləmişlər.
Bildirilmişdir ki, türk dünyasının müstəqil gənclər qurumları və siyasi partiyaların gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi aparılması üçün Türk Dünyası Gənclər Fondunun, türkdilli xalqların tarixi, mədəniyyəti və musiqisinin təbliği, gənclər üçün düşərgələrin təşkili məqsədi ilə mədəniyyət mərkəzlərinin, Türk Uşaq İnstitutunun yaradılması barədə təkliflər qətnaməyə daxil edilmişdir.
Dünyanın müxtəlif ölkələrindəki türk və Azərbaycan diasporlarının 2007-ci ildə Bakıda təşkil olunacaq qurultayı çərçivəsində gənclər forumunun keçirilməsi barədə təklif də maraqla qarşılanmışdır. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1919-cü il mayın 19-da Türkiyədə istiqlal savaşının başlanmasının 90-cı ildönümü münasibətilə 2009-cü ilin türk dünyasının gənclik ili kimi elan olunması barədə azərbaycanlı gənclərin təklifi yüksək qiymətləndirilmişdir.