Azərbaycanlı jurnalistin 20 Yanvar haqqında məqaləsi Türkiyə mediasında
Bakı, 22 yanvar (AZƏRTAC). “20 Yanvar qətliamını unutmayacağıq”. Azərbaycanlı jurnalist Rauf Əliyevin (Kəngərli) Türkiyənin “Yeni Asya” qəzetində və onun internet saytında (http://www.yeniasya.com.tr/haber_detay2.asp?id=48692) və digər elektron resurslarda 20 Yanvar hadisələri ilə bağlı yazısı bu sərlövhə altında dərc olunmuşdur.
Məqalədə qeyd edilir ki, 1990-cı il yanvarın 20-də təpədən-dırnağadək silahlanmış sovet qoşunları Bakıda dəhşətli qırğınlar törətmiş, nəticədə 147 nəfər insan həlak olmuş, 700-dən çox azərbaycanlı isə itkin düşmüşdür. Müəllif qeyd edir ki, bu gün qədim Azərbaycanın şanlı tarixində və xatirələrimizdə həm faciə, həm də zəfər günü kimi qalacaqdır. Çünki əliyalın Vətən övladları dünyanın ən böyük dövlətlərindən birinin - sovet imperiyasının ən müasir silahlarla silahlanmış ordusuna qarşı qorxmadan, cəsarətlə müqavimət göstərmiş, şərəfli ölümü qul kimi yaşamaqdan üstün tutmuşlar. Faciə günü deyirik, ona görə ki, o müdhiş gecədə yüzlərlə silahsız və günahsız Azərbaycan türkü vəhşicəsinə qətlə yetirilmişdir.
Məqalədə bildirilir ki, 1990-cı ilin yanvar hadisələrinin günahkarı Sovet İttifaqının sonuncu rəhbəri Mixail Qorbaçovdur. Məhz onun ermənipərəst siyasəti ölkəmizi faciələrlə üz-üzə qoymuşdur. Həmin günlərdə Azərbaycan xalqı və dünyanın tərəqqipərvər qüvvələri bir daha anlamışlar ki, humanizm prinsiplərini özünün əsas ideoloji xətti kimi bəyan edən SSRİ əslində, çox qəddar metodlarla idarə olunan vəhşi təbiətli imperiya imiş.
20 Yanvar hadisələrini təfərrüatları ilə qələmə alan məqalə müəllifi yazır ki, həmin günlərdə Azərbaycan dünyadan təcrid olunmuşdu. Lakin gözlənilməz bir anda Moskvada nəzarətdə saxlanılan böyük türk oğlu Heydər Əliyevin elə imperiyanın paytaxtında cəsarətlə hadisələrə kəskin etirazını bildirməsi göstərdi ki, Azərbaycan xalqının arxasında Heydər Əliyev kimi dünya səviyyəli qüdrətli siyasi və dövlət xadimi dayanıb. Heydər Əliyev həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin göstərişi ilə Bakıda törədilən qırğınları qınamış, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşısında baiskarların iç üzünü açıb göstərmiş, sovet rəhbərliyini ifşa etmişdir.
Məqalədə o da qeyd olunur ki, türk dünyasının böyük oğlu Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana qayıtdıqdan və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçildikdən sonra burada dərhal 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmiş, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra isə - 1994-cü ildə Azərbaycan parlamentində də eyni addımın atılmasını təmin etmişdir. Sonda o da bildirilir ki, Azərbaycan xalqı ötən əsrin ən dəhşətli faciələrindən biri olan 20 Yanvar hadisələrini heç bir vaxt unutmayacaqdır. Bunun əyani nümunəsi isə Bakının ən yüksək məkanında qərar tutmuş Şəhidlər xiyabanıdır.