“AzərEnerji” ilə Özbəkistan Milli Elektrik Şəbəkəsi arasında memorandum imzalanıb
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycanda səfərdə olan Özbəkistan Milli Elektrik Şəbəkəsinin rəhbər heyəti “AzərEnerji” ASC-nin elektrik stansiyaları, yarımstansiyaları, laboratoriya, tədris və rəqəmsal idarəetmə mərkəzlərində olub, bir sıra görüşlərdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayev və digər şəxslərlə Özbəkistan enerji sisteminin rəhbər heyətinin görüşlərində hər iki ölkənin enerji qurumları arasında əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Səfərin sonunda “AzərEnerji” ASC ilə Özbəkistan Milli Elektrik Şəbəkəsi ASC arasında memorandum imzalanıb. Memorandumun məqsədi Azərbaycan enerji sisteminin təcrübəsindən faydalanmaq və hər iki ölkənin enerji sahəsində əməkdaşlığını genişləndirilməsidir.
Səfər çərçivəsində Özbəkistan nümayəndə heyətinə “AzərEnerji” ASC-nin elektrik stansiyaları, yarımstansiyaları, Rəqəmsal İdarəetmə və yeni SCADA sistemi, bu sistemlərin tətbiqi zamanı vacib olan amillər, proqram təminatı, avtomatika və digər sahələr üzrə ətraflı məlumatlar verilib.