“Azəripək” MMC ötən il 3 milyon 450 min manatlıq məhsul ixrac edib
Şəki, 13 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Keçən il “Azəripək” MMC-də 29 ton yüksəkkeyfiyyətli xam ipək istehsal olunub. Müəssisə tərəfindən daxili və xarici bazarlara 4,5 milyon manat dəyərində ipəkçilik məhsullarının satışı həyata keçirilib. O cümlədən daxili bazara 1 milyon 50 min manatlıq, xarici bazarlara isə 3 milyon 450 min manatlıq ipəkçilik məhsulları göndərilib. Müəssisənin məhsulları əsasən Türkiyə və İrana ixrac edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azəripək” MMC-nin sədrinin müşaviri Teymur Musayev məlumat verib.
Qurumun rəsmisi bildirib ki, ötən il müəssisədə 132 min kvadratmetr xam ipək parça toxunub. Ayrı-ayrı istehsal sexlərində 6400 ədəd müxtəlif ölçülü güllü kəlağayı, 3200 ədəd güllü şərf, 1900 ədəd çitmə, 10 min 600 ədəd müxtəlif ölçülü bişmiş kəlağayı, 700 ədəd bişmiş şərf, 12 ton vata və digər məhsullar istehsal edilib. İl ərzində müəssisənin xalça sexində 17 ədəd ipək xalça toxunub.
Teymur Musayevin sözlərinə görə, məhsul istehsalı və satış prosesi cari ildə də fasiləsiz davam edir. Belə ki, 2023-cü ilin yanvarında müəssisədə 2 ton 772 kiloqram xam ipək, 691 ədəd güllü kəlağayı, 256 ədəd şərf, 447 ədəd çitmə istehsal olunub. Eyni zamanda, həmin müddətdə müəssisə tərəfindən 600 kiloqram xam ipək, 837 ədəd güllü kəlağayı, 567 ədəd çitmə, 366 ədəd güllü şərf, 253 ədəd bişmiş kəlağayı, 5 ədəd suvenir ipək xalça, 2629 metr kəlağayı parçası, 1992 metr bez parça və digər məhsulların satışı həyata keçirilib.