“Azərişıq” ASC-nin sədri Zərdabda vətəndaşların müraciətlərini dinləyib
Bakı, 14 mart, AZƏRTAC
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov martın 14-də Zərdab rayon Heydər Əliyev Mərkəzində Zərdab və Ucardan olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, vətəndaşlarla görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Zərdab rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Hər iki rayonun sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işlərinə, eləcə də vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir, yerli sakinlərlə görüşlər təşkil edir.