AZƏRTAC FAAPA-nın Baş Assambleyasında iştirak edir
Kasablanka, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Mərakeşin Kasablanka şəhərində öz sıralarında Afrika qitəsinin qərb sahillərinin 24 ölkəsindən AZƏRTAC-ın tərəfdaşlarını birləşdirən Afrika Xəbər Agentlikləri Atlantik Federasiyasının (FAAPA) 3-cü Baş Assambleyasının iclası başlayıb.
Forumun gündəliyinə texniki, təşkilati və maliyyə məsələləri ilə yanaşı, regionun xəbər agentliklərinin fəaliyyətinə sosial şəbəkələrin inteqrasiyası mövzusuna həsr olunmuş iki seminar daxil edilib.
AZƏRTAC-ı bu tədbirdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) baş katibi Vüqar Seyidov təmsil edir. O, iştirakçılar qarşısında salamlama nitqi ilə çıxış edib, həm AZƏRTAC-ın, həm də OANA-nın fəaliyyətindən danışıb.
Assambleya işini dekabrın 15-də davam etdirəcək.