AZƏRTAC-ın xüsusi müxbiri ABŞ-da Dağlıq Qarabağ münaqişəsinə dair təqdimat keçirib
Vaşinqton, 9 iyun, AZƏRTAC
Türkiyə-Amerika Assosiasiyası Assambleyasının Vaşinqtonda yerləşən mənzil-qərargahında AZƏRTAC-ın ABŞ-da xüsusi müxbiri və ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı Ermənistan-Azərbaycan münaqişəsinə dair təqdimat keçirib.
Y.Babanlı tədbirdə regionun tarixi və Dağlıq Qarabağ münaqişəsini doğuran səbəblər haqqında danışıb. O, Azərbaycanın Dağlıq Qarabağ regionunun və müasir Ermənistanın XIX-XX əsrlərdəki demoqrafik vəziyyətinə dair əhatəli məlumatı təqdim edib. Məruzənin digər hissəsi ermənilərin Cənubi Qafqaza köçürülməsinə həsr olunub. Təqdimatın müəllifi Cənubi Qafqazda demoqrafik vəziyyətin süni surətdə dəyişdirilməsini, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsini və XX əsrin əvvəllərində Azərbaycan regionlarının Ermənistana verilməsini təsdiqləyən faktları - Rusiya imperiyasının, Sovet İttifaqının, beynəlxalq təşkilatların tarixi sənədlərini təhlil edib.
Sonra Y.Babanlı Dağlıq Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmələri” iddialarının hüquqi cəhətdən əsassız olduğunu və Azərbaycanın bu regionunun Ermənistan tərəfindən ilhaq edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb, münaqişənin hüquqi aspektləri haqqında məlumat verib.
Daha sonra Y.Babanlı auditoriyanı münaqişənin sülh yolu ilə nizamlanması prosesi haqqında məlumatlandırıb, iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə universitet tələbələri, türk və Azərbaycan diasporunun, Krım türkləri icmasının nümayəndələri, habelə Azərbaycan və Türkiyə səfirliyinin əməkdaşları iştirak ediblər.