AZMİU-DA “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA EKOLOGİYA SİYASƏTİ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 6 may (AZƏRTAC). Mayın 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin universitetin foyesindəki büstü önünə tər çiçəklər düzmüş, xatirəsini yad etmişlər.
Akt zalında davam edən tədbirdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “Ekologiya ili-2010” layihəsi çərçivəsində keçirilən konfransın məqsədlərindən, əhəmiyyətindən, Heydər Əliyevin fəaliyyəti dövründə ölkə həyatının bütün sahələrinə, o cümlədən ekoloji problemlərin həllinə xüsusi önəm verilməsindən danışmışdır.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun “Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti” mövzusunda məruzəsi dinlənilmişdir. Natiq ulu öndərin ölkəyə rəhbərliyi dövründə ekologiya ilə bağlı həyata keçirilən tədbirlərdən, layihələrdən danışmış, dahi rəhbər tərəfindən əsası qoyulan ekologiya siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Prezidentin çağırışı ilə ölkədə yaşıllaşdırma kampaniyasının keçirildiyini, yüz minlərlə ağac əkildiyini diqqətə çatdıran nazir Azərbaycanın ekoloji cəhətdən ən təmiz ölkələrdən birinə çevrilməsi üçün bundan sonra da qəti addımlar atılacağını vurğulamışdır.
Konfransda “Şəhərlərin mühəndis tikinti sistemlərinin ekoloji dayanıqlığının təkmilləşdirilməsi yolları”, “Abşeron yarımadası torpaqlarının ekoloji meliorativ qiymətləndirilməsi, “İstilik energetika qurğularının tullantılarından ətraf mühitin mühafizəsinin mühəndis problemləri” mövzularında məruzələr dinlənilmişdir.
######
