İQTİSADİYYAT
Babək prospektinin yenidən qurulması işləri yekunlaşıb VİDEO
Bakı, 14 dekabr, AZƏRTAC
Paytaxtın Babək prospektində uzunluğu 9 kilometr olan avtomobil yolunda yenidənqurma işləri artıq yekunlaşıb.
Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən açıqlama verilib.
Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, prospekt boyunca 4 kilometrə yaxın kanalizasiya kollektoru, 1000 və 800 millimetr diametrli polad borularla 7 kilometr uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 kilometr uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 kilometrə yaxın su xətti çəkilib.
Bundan başqa, aparılan yenidənqurma işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib.