BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 1 milyon dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4917 manata bərabər olmuşdur. Təklif 1 milyon dollar və tələb 900 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd qalxmış və 1 dollar üçün 4916 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4918 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 2 milyon 154 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 10,593 milyarddır. Bir əqdə, orta hesabla, 239 333 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 26,356 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 12-də Bakı birjasında banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.