Bakı Beynəlxalq turizm filmləri festivalına növbəti dəfə ev sahibliyi edəcəkdir
Bakı, 20 aprel (AZƏRTAC). İyunun 25-dən 29-dək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə II Bakı Beynəlxalq turizm filmləri festivalı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu festival paytaxtımızda hər il keçirilən mədəni qeyri-kommersiya tədbiridir.
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival həmin filmlərə beynəlxalq auditoriya qazandırmaq üçün dəstək göstərir.
Bakı Beynəlxalq turizm filmləri festivalı Avstriyanın Vyana şəhərində fəaliyyət göstərən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.
Festivalın proqramına əsas müsabiqə və müsabiqədənkənar nümayiş daxildir. Bununla yanaşı, festival çərçivəsində seminarlar, müzakirələr, film müəllifləri, turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında təcrübə mübadiləsi də həyata keçirilir.
Müsabiqə proqramında iştirak edəcək filmlərin müddəti ilə bağlı heç bir məhdudiyyət yoxdur.
Festivalda iştirak üçün mayın 1-dək müraciət etmək olar.
II Bakı Beynəlxalq turizm filmləri festivalı haqqında məlumat, eyni zamanda, Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin saytında da yer almışdır. http://www.cifft.com/MemberDetail.aspx?FESID=44