Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin üzvləri ilə görüş keçirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Bakı Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Vətən müharibəsindəki tarixi Qələbəmizə və şəhidlərimizin şərəfli yoluna həsr olunmuş videofilm nümayiş etdirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görüş iştirakçılarını salamlayaraq bildirib ki, beş il əvvəl sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində ölkəmiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində şanlı Qələbə qazandı. Bu tarixi nailiyyət məhz ölkə başçısının müdrik siyasəti və şəxsiyyəti sayəsində mümkün olub.
Vurğulanıb ki, dövlətimiz tərəfindən şəhid ailələri və qazilərə hər zaman xüsusi diqqət və qayğı göstərilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır, onların problemlərinin həlli ilə yaxından məşğul olur.
Açıq dialoq şəklində keçirilən görüşdə şəhid ailələrinin üzvlərinin müraciət və təklifləri diqqətlə qeydə alınıb.
Çıxış edən şəhid ailələrinin nümayəndələri dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.