Bakı və Azərbaycanın yepiskopu Lənkəranda olub
Bakı, 24 iyul, AZƏRTAC
Bakı və Azərbaycanın yepiskopu Aleksiy Lənkəran şəhərinə birinci səfəri çərçivəsində Müqəddəs Məryəm Himayədarlıq Kilsəsində ayin keçirib və dualar edib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində AZƏRTAC-a bildirilib ki, yepiskop, həmçinin Azərbaycanın Rus İcmasının üzvlərini Ailə, Sevgi və Sədaqət Günü münasibətilə təbrik edib.
Rusiyada qeyd olunan Ailə İli çərçivəsində bayram edilən Ailə, Sevgi və Sədaqət Günündə yepiskop Aleksiy Rus evinin rəhbərinin müavini Dmitri Yeqorov ilə birlikdə Lənkəran şəhər sakinləri, artıq 47 ildir nikahda yaşayan Yuri və Natalya cütlüyünə “Sevgi və sədaqətə görə” medalını təqdim edib. Onlar sentyabrın 11-də ailə həyatının 48-ci ildönümünü qeyd edəcəklər.
Sonra Bakı və Azərbaycanın yepiskopu Aleksiy kilsəyə gələn ziyarətçilərlə çay süfrəsi arxasında söhbət edib, onlarla şəkil çəkdirib.