Bakı və İzmirin təhsil işçiləri arasında növbəti onlayn görüş
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və İzmir Təhsil İdarəsinin rəhbərliyi arasında növbəti onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, onlayn görüşün əsas məqsədi qardaş Türkiyə ilə ümumi təhsil sahəsində əlaqələri genişləndirmək və əməkdaşlıq çərçivəsində Bakı və İzmir şəhərlərinin ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməkdir.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycan və Türkiyə arasındakı dostluq əlaqələrinin ciddi əsaslara malik olduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamının bu gün də hər iki dövlətin vətəndaşları üçün örnək olduğunu deyən idarə müdiri tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin təhsil sahəsində də uğurla davam etdirildiyini bildirib.
Mehriban Vəliyeva səmərəli təcrübə mübadiləsi çərçivəsində ümumi təhsilin inkişafına dair belə görüşlərin davamlı təşkilinin zəruriliyindən bəhs edib, tezliklə İzmir Təhsil İdarəsinin əməkdaşlarının Bakı məktəblərinə səfərinin təşkil olunacağını nəzərə çatdırıb.
İzmir Təhsil İdarəsinin rəisi Ömer Yahşi dostluq və qardaşlıq üzərində qurulan dövlətlərarası münasibətlərdən bəhs edib. O, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələrin daim inkişaf etdiyini deyib. Təhsil sahəsindəki əməkdaşlıqdan məmnun olduğunu bildirən Ömer Yahşi təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.