Bakı Xoreoqrafiya Akademiyasında Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib. Bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbində “Qarabağ Azərbaycandır!” adlı onlayn anım tədbiri keçirilib. Tədbir çərçivəsində şagirdlərin ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş musiqi kompozisiyaları, rəqslər və şeir parçaları təqdim edilib. Həmçinin tam orta məktəbdə bütün siniflərin ilk dərsləri Xocalı faciəsinə həsr olunub, vətənpərvərlik mövzusunda yazılar təşkil olunub, eləcə də “Xocalıya gedən yol” adlı rəsm və foto sərgisi keçirilib.
Silsilə tədbirlər çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana İnformasiya Mərkəzi tərəfindən Xocalı soyqırımına və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş fotosərgi keçirilib. Sərgi iştirakçılarına Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan xalqının ötən əsrdə məruz qaldığı Xocalı soyqırımı yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi qanlı olaylarla müqayisə oluna bilər. Eyni zamanda, Vətən müharibəsi şəhidləri haqqında məlumat verilib. Şəhidlərin qəhrəmanlıq salnamələrindən bəhs olunub.
Bakı Xoreoqrafiya Akademiyası kollecinin tələbə və müəllimləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş videoçarx da hazırlanıb. Videoçarxda Ermənistan silahlı qüvvələri tərəfindən sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımında 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 sakinin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirməsi qeyd olunub. Videomaterialda ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının tanınmasında, ona siyasi qiymət verilməsində əsas təşəbbüskar olduğu vurğulanıb. Videoçarxda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfəri zamanı Xocalı soyqırımı cinayətkarlarına qarşı səsləndirdiyi fikirlər də yer alıb.