Bakıda “0 tullantı” adlı yay məktəbi fəaliyyətə başladı
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-dən 24-dək ADA Universitetində “Təmiz Şəhər” ASC-nin “0 tullantı” adlı yay məktəbi keçiriləcək.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, artıq 5-ci ildir ki “Təmiz Şəhər” ASC-nin təşkil etdiyi məktəb IDEA İctimai Birliyinin və ADA universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin dəstəyi ilə keçirilir. Budəfəki məktəbin mövzusu ətraf mühitin qorunmasına, xüsusilə böyük şəhərlərdə başlıca ekoloji təhdid hesab olunan tullantıların idarə edilməsinə həsr olunub.
Dörd gün davam edəcək məktəbdə müsabiqə yolu ilə seçilmiş 40 gəncə şəhər həyatının vacib elementlərindən olan tullantıların idarə edilməsi sahəsi dərindən öyrədiləcək. Təlim iştirakçıları tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, sənaye çirkləndirilməsi, ekoloji layihələrin idarə olunması və digər mövzulara həsr olunmuş peşəkarların mühazirələri dinləyəcək, maraqlı müzakirələrdə iştirak edəcək, bu sahənin mütəxəssisləri ilə canlı ünsiyyətdə olacaq və intellektual oyunlara qoşulacaqlar. Bununla yanaşı, gənclər təkrar emal müəssisələrinə səfərlər edərək, tullantıların utilizasiyası prosesini əyani şəkildə izləmək imkanı əldə edəcəklər.
Gənclər, həmçinin təlimlərin gedişatında əldə etdikləri bilikləri təcrübədən keçirəcək və müvafiq kiçik layihələr hazırlamaqla, ətraf mühitə öz töhfələrini verəcəklər.