BAKIDA AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA İQTİSADİ ƏMƏKDAŞLIQ ÜZRƏ HÖKUMƏTLƏRARASI KOMİSSİYANIN ONUNCU İCLASI KEÇİRİLMİŞDİR
Komissiyanın gündəliyinə yanacaq-energetika kompleksləri, nəqliyyat, informasiya texnologiyaları, rabitə, humanitar sahədə əməkdaşlığın müxtəlif cəhətləri ilə ticarət-iqtisadi münasibətlərin vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanda Rusiya İlinin keçirilməsi üzrə əsas tədbirlərin planı, əmlak məsələlərinin tənzimlənməsinə dair 10 məsələ daxil idi.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Baş nazirin birinci müavini Abbas Abbasov iclası açaraq dedi ki, ötən dövrdə ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük iş görülmüşdür. Dövlət başçılarının Rusiyada Azərbaycan İli və Azərbaycanda Rusiya İli keçirilməsi haqqında təşəbbüsü əlaqələrin daha da dərinləşməsinə kömək etmişdir.
Baş nazirin birinci müavini Azərbaycan İli çərçivəsində Rusiyada həyata keçirilmiş tədbirlər barədə də məlumat verdi. O, Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin səviyyəsinin yüksəlməsindən danışaraq vurğuladı ki, 2005-ci ildə əmtəə dövriyyəsinin həcmi 1 milyard dolları keçmiş, 2004-cü ildəkinə nisbətən 128,7 faiz, 2001-ci ildəkinə nisbətən isə 4,3 dəfə artmışdır. Prezidentlər İlham Əliyev və Vladimir Putin 2010-cu ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı çərçivəsində qısa müddətdə icra üçün məhz bu rəqəmi göstərmişdilər. Yanacaq-energetika sahəsində əməkdaşlıq uğurla inkişaf etmişdir. Ötən il Azərbaycan və Rusiyanın energetika sistemlərinin paralel iş rejimi çərçivəsində Rusiyadan Azərbaycana 1002,6 milyon kilovat-saat və əks istiqamətdə isə 275,4 milyon kilovat-saat elektrik enerjisi göndərilmişdir. Razılaşmalara və ARDNŞ ilə Rusiyanın “Qazeksport” MMC arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycana Rusiyadan qaz nəql edilir, ötən il onun həcmi 4,54 milyard kubmetr olmuşdur. Gözlənildiyinə görə, cari ildə göndəriləcək təbii qazın həcmi 4,5 milyard kubmetr təşkil edəcəkdir. Azərbaycan 2006-cı ildə Rusiya ərazisi ilə azı 3 milyon ton neft nəql etməyi planlaşdırır.
Azərbaycan-Rusiya sərhədindəki buraxılış məntəqələri rayonunda, Samur çayının üstündən yeni körpü salınması iqtisadi əlaqələrin genişlənməsində böyük rol oynayacaqdır.
Hazırda 100-dən çox sazişdən ibarət olan müqavilə-hüquq bazası əhəmiyyətli dərəcədə genişlənmişdir. Onların 30-dan çoxu bilavasitə RF subyektləri ilə bağlanmışdır. Yaxın vaxtlarda Azərbaycan və Moskva hökumətləri arasında birgə komissiyanın 6-cı iclası, Azərbaycan və Tatarıstan hökumətləri arasında birinci iclas keçiriləcəkdir. Sankt-Peterburq hökuməti ilə əməkdaşlıq üzrə komissiyanın tərkibi hazırlanır.
Komissiyanın Rusiya tərəfindən həmsədri, sənaye və energetika naziri Viktor Xristenko çıxışında ildən-ilə inkişaf edən Azərbaycan iqtisadiyyatını yüksək qiymətləndirdi və Rusiya işgüzar dairələri nümayəndələrinin də iştirak edə bilməsi üçün Azərbaycanda keçirilən müsabiqələr, sərmayə layihələri barədə geniş informasiya müqaviləsi yaradılmasının zəruriliyini vurğuladı.
Komissiyanın iclasının yekunlarına əsasən iki sənəd qəbul edildi: Abbas Abbasov və Viktor Xristenko Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq komissiyası 10-cu iclasının protokolunu imzaladılar; Əməkdaşlığın perspektivləri və mədəni əlaqələrin genişləndirilməsi haqqında sazişi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev və RF Federal Mədəniyyət və Kinematoqrafiya Agentliyinin başçısı Mixail Şvıdkoy imzaladılar.