BAKIDA AZƏRBAYCAN-TATARISTAN HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ BİRİNCİ İCLASI KEÇİRİLMİŞDİR
İclasdan əvvəl baş nazirlərin təkbətək görüşü olmuşdur.
Artur Rasizadə komissiyanın iclasının açılışında çıxış edərək, vurğulamışdır ki, Azərbaycan Rusiya ilə həm federal səviyyədə, həm də onun ayrı-ayrı subyektləri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Tərkibinə Tatarıstanın aparıcı sənaye müəssisələri rəhbərlərinin də daxil olduğu bu respublikanın nümayəndə heyətinin indiki səfəri qarşılıqlı surətdə faydalı əlaqələri gücləndirmək üçün stimul olacaqdır. Ötən il Azərbaycan ilə Tatarıstan arasında xarici ticarət dövriyyəsi 35,5 milyon dollar təşkil etmiş, cari ilin yalnız birinci yarısında isə onun həcmi 25,7 milyon dollara çatmışdır ki, bu da 2005-ci ilin müvafiq dövrünün səviyyəsindən 3,4 dəfə çoxdur. Azərbaycan Tatarıstan ilə əməkdaşlığı həm əmtəə mübadiləsi həcmlərinin artırılması, həm də müştərək müəssisələr yaradılması xətti ilə genişləndirməkdə maraqlıdır.
Hökumət başçısı Azərbaycanın iqtisadi uğurlarından, həyata keçirilən qlobal enerji layihələrindən danışaraq bildirdi ki, ölkəmiz qeyri-neft sektorunu da inkişaf etdirmək niyyətindədir, buna görə də Tatarıstanın təcrübəsi bizim üçün faydalı olardı.
Artur Rasizadə ölkəmizin başlıca problemindən – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmamasından söhbət açaraq, bu məsələdə Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu nəzərə çarpdırdı.
Tatarıstanın Baş naziri Rüstəm Minnixanov onun respublikasının Azərbaycan ilə istər ticarət-iqtisadi sahədə, istərsə də humanitar sahədə əməkdaşlığı genişləndirməyə hazır olduğunu açıqladı. Tatarıstan istehsalçıları neft kimyası və neft emalı sahəsində Azərbaycanla müştərək müəssisələr yaradılmasında maraqlıdırlar.
Komissyanın iclasının yekunlarına əsasən protokol imzalanmışdır. Sənəddə ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığın perpsektivləri göstərilmişdir.
İki hökumətin başçıları iclasın konkret nəticələri barədə jurnalistlərin suallarına cavab verərək qeyd etmişlər ki, Azərbaycan ilə Tatarıstan arasında ikitərəfli münasibətlərin hüquqi bazasının əsası hələ 1996-cı ildə imzalanmış sazişlə qoyulmuşdu. Hökumətlərarası komissyanın indiki, birinci iclasında “KamAZ” Açıq Səhmdar Cəmiyyətinin Bakıda servis mərkəzi yaradılması, maşınqayırma, neft kimyası, neft-mədən avadanlığı sahəsində müştərək layihələrin həyata keçirilməsi haqqında razılıq əldə edilmişdir.