Bakıda “Azərbaycanın müalicə-turizm imkanları” mövzusunda konfrans keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Mədəniyyət və Turizm, Səhiyyə, İqtisadiyyat nazirliklərinin dəstəyi ilə Naftalanda reallaşan “Azərbaycanın müalicə-turizm imkanları” mövzusunda konfrans martın 30-da Bakıda davam edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Həmkarlar İttifaqının üzvləri, habelə müxtəlif turizm şirkətlərinin rəhbər və menecerlərinin iştirak etdiyi konfransda Azərbaycanın müalicə-turizm imkanları barədə geniş məlumat verilib.
Turizm sahəsində görülən işlərin birgə əməkdaşlığa fayda verəcəyini bildirən çıxışçılar qeyd ediblər ki, Azərbaycanın coğrafi mövqeyi, mineral su qaynaqları, müalicə və turizm mərkəzləri, mədəni və təbii irsi, mili mətbəxi və iqtisadi inkişafı ölkəmizə marağı daha da artırıb. Vurğulanıb ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük imkanlar var.
Rusiya nümayəndə heyətinin rəhbəri İrina Ramanenko deyib: “Səfərimizin məqsədi Azərbaycanda turizm imkanları ilə yaxından tanış olmaqdır. Artıq bir çox kurortlarda olduq, müalicə mərkəzləri ilə bağlı məlumatlar əldə etdik. Burada qonaqları qəbul etmək üçün çox gözəl imkan var”.
Konfransda beynəlxalq standartlara cavab verən müalicəvi sağlamlıq mərkəzlərinin təmsilçilərinə diplomlar verilib.