BAKIDA BEYNƏLXALQ İNŞAAT VƏ DAŞINMAZ ƏMLAK SƏRGİSİ AÇILMIŞDIR
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev, Naxçıvan Muxtar Respublikası iqtisadi inkişaf naziri Famil Seyidov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, İTE Group plc şirkətinin Orta Asiya və Qafqaz üzrə baş direktoru Edvard Strou və başqaları sərginin açılış mərasimində çıxış etmişlər. Natiqlər bu gün inşaat sənayesinin ölkəmizin iqtisadiyyatında ən çox inkişaf etmiş sahələrdən birinə çevrilməsindən, paytaxtımızda, eləcə də respublikamızın ayrı-ayrı bölgələrində mənzil, təhsil, mədəniyyət, səhiyyə, idman və s. üzrə müxtəlif obyektlərin tikintisinin geniş vüsət almasından, bütün bunların isə son nəticədə əhalimizin, xüsusi ilə də böyüməkdə olan gənc nəslin sağlam və firavan həyatının təmin olunmasındakı rolundan danışmışlar.
Qeyd olunmuşdur ki, belə sərgilərin keçirilməsi yeni əlaqələrin qurulmasında, xarici sərmayənin, müasir texnologiyaların cəlb olunmasında mühüm rol oynayır. Çıxışlarda vurğulanmışdır ki, hazırda respublikamızda hökm sürən ictimai-siyasi sabitlik, iqtisadi islahatların geniş vüsət alması, iqtisadiyyatın sürətli inkişafı və s. amillər iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır. Natiqlər qeyd etmişlər ki, Azərbaycan Respublikası bu gün ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi və siyasi yolla mətin addımlarla irəliləyir. Məhz bu strategiyanın sayəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. Belə sərgilərin keçirilməsi buna əyani sübutdur.
Sonra sərginin iştirakçıları, tamaşaçılar və qonaqlar pavilyonları gəzmiş, müxtəlif ölkələrin şirkətlərinin inşaat və təmir üçün nəzərdə tutulmuş çoxsaylı məhsullarına baxmışlar.
Sərgidə dünyanın 20 ölkəsindən 220-dək şirkətin təqdim etdiyi məhsullar nümayiş etdirilir. Azərbaycan, Türkiyə, Rusiya, İtaliya, Almaniya, Avstriya, Polşa və başqa ölkələrin inşaat və dizayn məhsulları daha çox maraq doğurur.
Rusiyanın Çerepovets şəhərində fəaliyyət göstərən “Severstal-mebel” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 10 ildir ki, metal mebel dəstlərinin istehsalı ilə məşğuldur. Müəssisənin istehsal etdiyi məhsullar MDB və bir sıra digər xarici ölkələrdə həvəslə alınır. MMC-nin satış və marketinq üzrə direktoru İrina Şiryayeva bildirdi ki, “Severstal” çox böyük mebel istehsalçısıdır. Yerli materialdan hazırlanan və səhiyyə, məktəb, ofis, mənzil və s. üçün nəzərdə tutulan metal mebel dəstlərinə Rusiya, Qazaxıstan və Baltikyanı ölkələrdə tələbat böyükdür. Onun sözlərinə görə, bu sərgiyə gəlməkdən məqsəd MMC-nin məhsullarını nümayiş etdirmək, yeni satış bazarları qazanmaqdır.
“Asude” Türkiyə şirkətidir. Mənzil, ofis üçün klassik mebel dəstləri istehsalçısı olan bu şirkətin rəhbərliyi Ankarada, satış mərkəzləri isə İrandadır. Şirkətin menecerləri Ərdoğan Bəşər və Şərəf Kanat bildirdilər ki, yaxın zamanlarda Dubay, Oman və Bakıda da müəssisənin satış mərkəzləri açılacaqdır.
Sərgidə Azərbaycanın “Baku stell”, “Mr.Fix”, “Knauf”, “Mətanət-A”, “Fab”, “Azbentonit”, “Qaradağ sement”, “Metak” və s. şirkətləri də öz məhsullarını müvəffəqiyyətlə nümayiş etdirirlər.
“Fab” şirkətinin direktoru Kənan Məhərrəmov bildirdi ki, 2000-ci ildən fəaliyyətə başlayan müəssisə bu müddətdə böyük inkişaf yolu keçmişdir. Şirkət təqribən 50 çeşiddə müxtəlif inşaat boyaları istehsal edir. Məhsulun həm keyfiyyəti, həm də çeşidi ildən-ilə artır. Müəssisədə yüz nəfərdən çox işçi çalışır.
Sərgi iştirakçıları, eyni zamanda, Azərbaycanın daşınmaz əmlak bazarı, sığorta, memarlıq-layihə, qiymətləndirmə haqqında da biliklərini artıracaqlar.
Sərgi oktyabrın 14-dək davam edəcəkdir.