İDMAN
Bakıda dünya çempionu olan atlet: Bu yarış mənim üçün böyük əhəmiyyət kəsb edir
Bakı, 22 avqust, AZƏRTAC
Bu gün mənim üçün çox yaxşı alındı. Maraqlı yarışda qızıl medal qazandım.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında kişilər arasında uzanaraq tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında qalib olan çexiyalı Pyotr Nimburski jurnalistlərə açıqlamasında deyib.
Karyerasında ilk dəfə dünya çempionu olmağın sevincini yaşayan idmançı finalla bağlı fikirlərini dilə gətirib: “Öz uğuruma sevinsəm də, komandama görə təəssüfləndim. Biz üçüncü yerdəki Çin komandasından 0,1 xal geri qaldıq. Buna görə məyus oldum”.
Nimburskinin sözlərinə görə, bu yarış onun üçün böyük əhəmiyyət kəsb edir: “Lisenziyanın olub-olmamasından asılı olmayaraq hər bir turnirə ciddi yanaşıram. Ona görə də qalib olmağı bacardım”.
Bakıya üçüncü dəfə səfər etdiyini deyən atlet indiyə qədər paytaxtımızı gəzməyə imkan tapmadığını vurğulayıb: “Bakını yetərincə gəzməyə vaxtım olmayıb. Proqram çox sıx olur. Məşq edirik, yarışa çıxırıq, otelə gedirik, dincəlirik. Bir də baxırıq ki, Çexiyaya qayıtmaq zamanıdır. Şəhəri gəzə bilməsəm də, Bakı Atıcılıq Mərkəzinin möhtəşəm olduğunu deməliyəm. Atış poliqonlarını bəyənirəm. Bu cür müasir və yüksək şəraitli mərkəzləri çox sevirəm”.