Bakıda Gənclərin II Ümumrespublika teatr festivalına yekun vurulmuşdur
Bakı, 30 noyabr (AZƏRTAC). Noyabrın 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan-Amerika Alyansının dəstək verdikləri gənclərin ekologiya mövzusunda II Ümumrespublika teatr festivalına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə ekoloji problemlərə həsr edilmiş videomaterial nümayiş olunmuşdur.
Festivalın ideya müəllifi və rəhbəri, Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. Bildirmişdir ki, festivalın məqsədi ətraf mühitin mühafizəsi və ekologiya mövzusu üzərində daha çox yaradıcı gənci düşündürməkdən ibarətdir.
J.Əliyeva diqqətə çatdırmışdır ki, ötən il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü (IDEA) irəli sürülmüşdür. Biz də istədik ki, teatra gələn gənclərimiz Vətəni sevməyin yolunun onun hər daşını, küçəsini, guşəsini, ağacını, çiçəyini sevməkdən başladığını səhnədə gözləri ilə görsünlər. Bu səbəbdən “Biz inkişaf zamanındayıq” İctimai Birliyi tərəfindən festivala məhz IDEA kampaniyasının fəaliyyətə başladığı və ildönümünün qeyd olunduğu gündə - iyulun 12-də start verilmişdir.
“Bizə ideya lazımdır” devizi ilə keçirilən builki festivalın məqsədi həm gəncləri yaradıcı dialoqa cəlb etmək, həm də gənc teatr kollektivlərinin hər bir üzvünü ekoloq-səfir olmağa həvəsləndirməkdir. Festival əslində priz və pul mükafatı uğrunda gərgin rəqabət xarakteri daşımır və daha çox gənclər arasında fikir mübadiləsi, ideyalar toplusu kimi nəzərdə tutulmuşdur.
Bildirilmişdir ki, festivalın iyulun 12-dən avqustun 30-dək müddəti əhatə edən birinci mərhələsində pyes-ssenarilərin qəbulu və seçimi aparılmış, təqdim olunmuş 35 ssenaridən 13-ü seçilmişdir. Avqustun 30-dan noyabrın 24-dək müddəti əhatə edən ikinci mərhələdə seçilmiş yaradıcı heyətlərə tamaşaları hazırlamaq üçün vaxt verilmişdir.
“Zibil düşüncə”, “13 yaşlı qızın gündəliyi”, “Ekosit”, “Qoy nəfəs alım”, ”Zibilə düşdük”, “Oksigen balonu” və s. tamaşalarla 4 gün ərzində tamaşaçıları, xüsusən də gənc auditoriyanı teatra səsləyən festival zamanı tanınmış sənət adamlarının iştirakı ilə ustad dərslərinin yer aldığı və həyəcanla gözlənilən 3 günlük “Art Kamp” keçirilmişdir.
Bakıdan 8, habelə Sumqayıt, Ucar, Zaqatala, Ağdam, Zərdab truppalarının iştirak etdikləri festivala, ümumilikdə, 100-dən artıq gənc qatılmış, onlar tərəfindən 13 maraqlı, aktual mövzulu tamaşa hazırlanmışdır.
Festivalın rəhbəri, Milli Məclisin deputatı Jalə Əliyeva bu layihəyə dəstək göstərən bütün təşkilatlara təşəkkürünü bildirmişdir.
Ötən üç gün ərzində tamaşalara baxış keçirilmiş və nüfuzlu münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunmuşdur.
Festivalın ideya müəllifi və iştirakçıları adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ünvanlanmış müraciət oxunmuşdur.
Sonra mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Məclisin deputatı Elmira Axundova və başqaları festivalın əhəmiyyətindən danışmış və qalibləri təbrik etmişlər.
Gecədə I, II və III yerlərin sahibləri, habelə ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı baş rol ifaçısı, ən yaxşı qadın və kişi rollarının müəlliflərinə pul mükafatları, fəxri fərman və xatirə hədiyyələri təqdim edilmişdir.