Bakıda İordaniyanın milli bayramı qeyd edilib
Bakı, 24 may, AZƏRTAC
İordaniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə mayın 24-də rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İordaniyanın dövlət himnləri səsləndirilib.
İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh çıxış edərək ölkəsinin müstəqillikdən sonra ötən illərdə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazanıldığını, İordaniyanın dünya birliyində layiqli yer tutduğunu vurğulayıb.
Səfir bildirib ki, İordaniya ilə Azərbaycan arasında əlaqələr Kral II Abdullah və Prezident İlham Əliyevin səyləri nəticəsində daha da genişlənir və inkişaf edir.
Səfir 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, dinamik inkişaf etməkdə olan müstəqil respublikamıza yeni uğurlar arzulayıb.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev əlamətdar gün münasibətilə dost İordaniya xalqını Azərbaycan hökuməti adından təbrik edib, sülh və əmin-amanlıq arzulayıb.
Nazir müavini bildirib ki, ölkələrimiz siyasi, iqtisadi, mədəni və turizm sahələrində uğurla əməkdaşlıq edir. O, bu əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.