BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 17 avqust, (AZƏRTAC). Avqustun 16-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, bazar günü “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 9,8 ton məhsul, o cümlədən 1,4 ton ət, 0,2 ton ağartı, 3,2 ton tərəvəz, 2 ton kartof, 1,5 ton meyvə, 2,5 min ədəd yumurta satılmışdır. Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kartof, kələm, soğan, kök, çuğundur 30-40 qəpiyə, yumurtanın biri 5 qəpiyə və s. təklif olunmuşdur. Qiymətlər bazardakından 30-35 faiz aşağı olmuşdur.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətindəki yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, bazar günü də yarmarkaya gələn alıcıların çoxluğu burada paytaxt sakinlərinə təklif olunan məhsulların çeşidinin bolluğu və qiymətlərin bazarlarla müqayisədə xeyli ucuzluğu ilə bağlıdır. Bir gün əvvəl Salyan, Qusar, Dəvəçi, Quba, Astara və digər rayonlardan gətirilmiş 68,5 ton məhsulun təqribən 70 faizi artıq satılıb qurtarmışdır. Paytaxt sakinləri yarmarkada mövsümi meyvə və tərəvəz məhsulları qiymətlərinin bazarlara nisbətən xeyli ucuz olmasından razılıq edirlər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil olunmuş yarmarkada satışa müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Alıcılar onlara təklif olunan kartofun, badımcanın, xiyarın, soğanın, bibərin, pomidorun, digər meyvə-tərəvəzin və süd məhsullarının qiymətlərinin bazardakından xeyli ucuz olduğunu söyləyirdilər. İşçi qrupun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada alıcılara Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir və digər rayonlardan gətirilmiş 233 ton meyvə-tərəvəz və digər məhsullar təklif etmişlər.
Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda ümumilikdə 76 ton 500 kiloqram məhsul satılmışdır. Bunun 60 ton 600 kiloqramı rayonun “Günəş” ticarət mərkəzindəki yarmarkada, 5 ton 900 kiloqramı isə “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada satılmışdır.
Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm, üzüm və digər məhsullar çoxluq təşkil etmişdir. Yarmarkalarda qiymətlər bazardakından 30-40, bəzi məhsullarda isə hətta 50 faiz ucuz olmuşdur. Alıcılar məhsulun çeşidinin çoxluğundan, yüksək keyfiyyət və qiymətlərin ucuzluğundan razı qalmışlar.
Həftənin bazar günü Nərimanov rayonunun Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkada şəhər sakinlərinə Xaçmaz, Tərtər və İmişli rayonlarından gətirilmiş 44,9 ton meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları, Goradil, Giləzi və Siyəzən broyler fabriklərinin nümayəndələri tərəfindən isə 7 min ədəd yumurta, 300 kiloqram quş əti təklif olunmuşdur. Bundan başqa, yarmarkada 900 litr süd məhsulları, 700 kiloqram təzə mal və qoyun əti, Daşkəsən rayonundan gətirilmiş bal satılmışdır.
######
