BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 22 avqust (AZƏRTAC). Avqustun 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 20 tona yaxın məhsul gətirilmişdi. Müxtəlif çeşidli məhsulların keyfiyyəti yüksək, qiymətləri isə alıcılar üçün sərfəli idi.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada ilin bu fəslində yetişən bütün növ meyvə-tərəvəz, bostan məhsullarına rast gəlmək mümkün idi. Burada satışa çıxarılan kənd təsərrüfatı məhsullarının həcminin və çeşidinin bolluğu da ilk baxışdan diqqəti cəlb edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, bugünkü yarmarkaya Salyan, Astara, Quba, Qusar, Dəvəçi rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri 73,5 ton məhsul gətirmişlər. Yarmarkada məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə və tərəvəzin çox olması qiymətlərə də xeyli təsir göstərmişdi. Məhsullar bazarlardakından 30-40 faiz, hətta bəziləri yarıbayarı ucuz təklif olunurdu. Bu dəfə də Salyan rayonu yarmarkaya gətirilən məhsulların çoxluğuna və çeşidin müxtəlifliyinə görə fərqlənirdi. Buradakı məhsulların təqribən yarısı məhz bu rayonun payına düşürdü.
Badamdar qəsəbəsində 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada satışa Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan gətirilmiş 21 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən isə 6 min 600 ədəd yumurta çıxarılmışdı. İlk dəfə olaraq yarmarkaya Zaqatala fermerləri alma, fındıq, bal və digər məhsullar gətirmişdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri tərəfindən burada məhsulların keyfiyyətinə və qiymətlərinə ciddi nəzarət edilirdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş kənd təsərrüfatı məhsullarının çeşidinin çoxluğu diqqəti cəlb edirdi.
İşçi qrupun qərargahından verilən məlumata görə, bu gün alıcılara 250 ton məhsul təklif olunur. Bazar qiymətlərindən xeyli ucuz olan məhsulları həvəslə alan sakinlər yarmarkanın təşkilatçılarına minnətdarlıqlarını bildirirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya şəhər sakinlərinin güclü axını müşahidə olunurdu. Burada məhsulun bolluğu və çeşidlərin müxtəlifliyi, xüsusilə mövsümi meyvə və tərəvəzin çox olması qiymətlərə də təsir göstərmişdi. Qiymətlər bazarlarla müqayisədə 30-40 faiz, hətta bəzi məhsullar üzrə yarıbayarı ucuz idi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, burada və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən, Lənkəran, Cəlilabad rayonlarından gətirilmiş 80 tona yaxın məhsul təklif olunur. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, pomidor, lobya, alça, gilas, ərik, şaftalı, qarağat, gavalı, fındıq, göyəm və digər məhsullar vardır. Alıcılar məhsulun çeşidinin çoxluğundan, yüksək keyfiyyət və qiymətlərin ucuzluğundan razılıq edirdilər. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Nərimanov rayonunun Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkada alıcılara Xaçmaz, Tərtər və İmişli rayonlarından 47,3 ton meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları təklif edilirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, bununla yanaşı, Goradil, Giləzi və Siyəzən broyler fabriklərinin nümayəndələri satışa 7 min ədəd yumurta, 300 kiloqram quş əti çıxarmışlar. Yarmarkada 400 litr süd, 700 kiloqram təzə mal və qoyun əti, Daşkəsən rayonundan gətirilmiş bal da satılırdı. Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları məhsulların keyfiyyətinə, qiymətinə və göstərilən xidmətin səviyyəsinə nəzarət edirlər.
######
![]() |
![]() |

