BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 24 avqust, (AZƏRTAC). Avqustun 23-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada, necə deyərlər, iynə atsaydın yerə düzməzdi. Paytaxtın müxtəlif yerlərindən buraya üz tutan alıcılar yarmarkını əlidolu tərk edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev yarmarkaya gələn alıcıların çoxluğunu burada paytaxt sakinlərinə təklif olunan məhsulların çeşidinin bolluğu və qiymətlərin bazarlarla müqayisədə xeyli ucuzluğu ilə əlaqələndirdi.
Alıcılara təklif olunan məhsullar arasında meyvə-tərəvəz, bostan məhsulları arasında xiyar, pomidor, kartof, soğan, badımcan, lobya, bibər, şaftalı, gavalı, üzüm, zoğal, alma, armud, yemiş, qarpız, göyərti və s. daha çox idi. Bu məhsulların qiyməti bazarlarla müqayisədə yarıbayarı ucuz satılırdı. Məsələn, soğanın kiloqramı 25-30, kartof 30-50 qəpiyə, göyərtinin dəstəsi 10-15 qəpiyə, qarpız 20-25 qəpiyə təklif olunurdu.
Bunun nəticəsidir ki, bir gün əvvəl Salyan, Qusar, Dəvəçi, Quba, Astara və digər rayonlardan gətirilmiş 73,5 ton məhsulun əksəriyyəti satılıb qurtarmışdı.
Paytaxt sakinləri yarmarkada mövsümi meyvə-tərəvəzin keyfiyyətinin yüksəkliyindən, qiymətlərinin ucuzluğundan razılıq edirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər.
İşçi qrupun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri bu yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 27 ton kartof, 6 ton ət, 77 ton meyvə və digər kənd təsərrüfatı məhsulları satılmışdır.
Burada meyvə-tərəvəzin qiyməti bazardakından 20-25 faiz ucuz olmuşdur.
Nərimanov rayonunun Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkada bazar günü satışa Xaçmaz, Tərtər və İmişli rayonlarından 47,3 ton meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, Goradil, Giləzi və Siyəzən broyler fabriklərinin nümayəndələri tərəfindən alıcılara həm də 7 min ədəd yumurta, 300 kiloqram quş əti təklif olunur. Bunlardan başqa yarmarkaya 400 litr süd məhsulu, 700 kiloqram təzə mal və qoyun əti və s. gətirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada satıcılar tərəfindən alıcılara təklif edilən məhsulların keyfiyyətinə, qiymətinə və göstərilən xidmətin səviyyəsinə nəzarət edirdilər.
######
![]() |
![]() |

