BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 29 avqust (AZƏRTAC). Avqustun 29-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada kənd təsərrüfatı məhsullarının həcminin və çeşidinin bolluğu da ilk baxışdan diqqəti cəlb edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev dedi ki, bu gün Salyan, Dəvəçi, Astara, Quba, Qusar rayonlarının fermerləri və şəxsi təsərrüfat sahibləri satışa 73,2 ton məhsul çıxarmışlar. Bütün məhsullar bazardakından 30-40 faiz, hətta bəziləri yarıbayarı ucuzdur. Məsələn, yay fəslində daha çox ehtiyac duyulan bostan məhsullarının - qarpız-yemişin hər kiloqramı bazarlarla və digər satış nöqtələri ilə müqayisədə yarıbayarı ucuz satılır. Üzüm, şaftalı, gavalı, armud, pomidor, xiyar, soğan, kartof və digər meyvə-tərəvəz məhsulları da xeyli ucuzdur. Yeri gəlmişkən, satışa çıxarılan məhsulların təqribən yarısı Salyan rayonunun payına düşür.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan 15 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 6 min 500 ədəd yumurta gətirilmişdi.
Sabirabaddan yarmarkaya 3 tondan çox qarpız gətirmiş Rövşən Muradov bildirdi ki, məhsulun kiloqramını 20-25 qəpiyə təklif edir. Mövsüm başlayandan bəri fermer burada 15 tondan çox qarpız satmışdır.
Qəsəbə sakinləri onların büdcəsinə xeyli qənaət etməyə imkan yaratmış bu yarmarkaların keçirilməsini bəyənir, bu yolla bazarlarda qiymətlərin süni surətdə qaldırılmasının qarşısının vaxtında alındığını qeyd edir, təşkilatçılara dərin minnətdarlıqlarını bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada paytaxt sakinlərinə Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir, Şəmkir və digər rayonlardan gətirilmiş 361 tondan çox meyvə-tərəvəz, ağartı təklif olunurdu. Məhsulların qiyməti bazardakından 20-25 faiz ucuz idi.
Nərimanov rayonunun Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, İmişli, Tərtər, Beyləqan və Oğuz rayonlarından 49 ton meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminov bildirmişdir ki, Siyəzən broyler fabrikinin nümayəndələri alıcılara 5 min ədəd yumurta, 200 kiloqram quş əti təklif edirlər. Bunlardan başqa yarmarkada 400 litr süd məhsulları, 900 kiloqram təzə mal və qoyun əti, Daşkəsən rayonundan gətirilmiş bal da satılır.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları məhsulların keyfiyyətinə, qiymətinə və göstərilən xidmətin səviyyəsinə nəzarət edirdilər.
######
