Bakıda Leninqradın blokadaçıları ilə görüş keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) və Azərbaycanın gənclər birliklərinin “Xeyirxahlıq yolları” birgə layihəsi çərçivəsində Leninqrad blokadası qurbanlarının xatirə günü ərəfəsində “Leninqrad Blokadası İştirakçıları” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib.
AZƏRTAC RİMM-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan Kazakları Həmyerlilər Birliyinin və Azərbaycan Rus Gəncləri Assosiasiyasının nümayəndələri iştirak ediblər.
Karantin qaydalarına riayət olunmaqla açıq havada keçirilən görüşdə “Leninqrad Blokadası İştirakçıları” İctimai Birliyinin üzvlərinə xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, blokadanın dəhşətli günlərində bir milyondan çox leninqradlı həyatını itirib. İki milyona yaxın insanın təxliyəsi təşkil edilib. Blokada qaldırıldıqdan sonra Leninqradda mühasirənin başlanğıcından beş dəfə az - 560 min sakin qalıb.