Bakıda “Neft dağılmalarına qarşı cavab tədbirləri” mövzusunda ikigünlük seminar işə başlamışdır
Bakı, 28 yanvar (AZƏRTAC). Bakıda “Qafqaz Point” otelində “Neft dağılmalarına qarşı cavab tədbirləri” mövzusunda ikigünlük seminar işə başlamışdır. Tədbir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin və “Statoil Azerbaijan” neft şirkətinin təşəbbüsü və dəstəyi ilə keçirilir.
Seminarın işində bir sıra dövlət strukturlarının və neft şirkətlərinin nümayəndələri iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, seminarda “Statoil” şirkətinin neftin dağılmasının qarşısının alınması sahəsində Şimal dənizi akvatoriyasında istifadə olunmuş təcrübəsinin Xəzərdə tətbiqi məsələsi müzakirə edilmişdir.
Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirmişdir ki, təbii ehtiyatlarla zəngin olan Xəzər dənizi neft məhsulları ixracının tranzit yoludur. E.Mirzəyev demişdir: “İldən-ilə hasilat artır, yeni quyular istismara verilir, tranzitin həcmi böyüyür. Bütün bunlar Xəzəryanı ölkələrin Xəzərin təhlükəsizliyini təmin etməsi məsələsini aktuallaşdırır. Norveç neftin dağılması ilə bağlı problemlərin aradan qaldırılmasında zəngin təcrübəyə malikdir. Ümid edirik ki, o, seminarın bütün iştirakçılarını maraqlandıracaqdır”.
“Statoil Azerbaijan” şirkətinin əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühit üzrə meneceri Şapur Sotodemaneş bildirmişdir ki, “Statoil” şirkəti neft dağılmalarının qarşısının alınmasında böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır. Ş.Sotodemaneş demişdir: “ Neft dağılmalarının yaranması zamanı vacib cəhət onların ləğvi prosesində tərəflərin rolunun dəqiq müəyyənləşməsidir. İnanırıq ki, bu seminar neft dağılmalarının qarşısının alınması üzrə Azərbaycanda həyata keçirilən dövlət layihəsinə öz töhfəsini verəcəkdir”.