Bakıda rus dili və ibtidai sinif müəllimləri üçün seminar keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Bakıdakı Rus evində Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyası ilə birgə rus dili və ibtidai sinif müəllimləri üçün seminarlar keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, metodik seminarlar Bakıdakı rus evində, “Evrika” liseyində, habelə Sumqayıt və Xaçmaz şəhərlərində təşkil edilib.
Rus evində keçirilən seminarda Çeçenistan Dövlət Pedaqoji Universitetinin (ÇDPU) pedaqoqları öz pedaqoji təcrübələrini bölüşüb, bu universitetin təhsil sistemində tətbiq olunan yeni metodika və texnologiyalardan bəhs ediblər.
ÇDPU-nun psixologiya kafedrasının baş müəllimi Qalina Uspayeva və “Ekoversitet” Məhsuldar Təhsil Mərkəzinin rəhbəri Ələt Hacımuradova seminarda çıxış ediblər.
Seminar iştirakçıları lektorların çıxışlarını böyük maraqla dinləyib və öz növbəsində, Azərbaycanın təhsil müəssisələrində fəal şəkildə tətbiq olunan yeni texnologiyalardan, şəxsi peşə nailiyyətlərindən ətraflı bəhs ediblər.
Pedaqoji sahədə təcrübə mübadiləsi yeni yaradıcılıq ideyalarının meydana çıxmasına kömək edir, rus dilinin qorunması və təşviqi üzrə daha səmərəli fəaliyyətə şərait yaradır, Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verir.
Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina seminarlara yekun vurub.