BAKIDA SPECA ƏLAQƏLƏNDİRMƏ ŞURASININ BİRİNCİ TOPLANTISI KEÇİRİLMİŞDİR
Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın, BMT-nin Avropa, Asiya və Sakit Okean Ölkələri üzrə iqtisadi və sosial komissiyalarının, BMT-nin İnkişaf Proqramının və Asiya İnkişaf Bankının nümayəndələrinin iştirak etdiyi toplantıya Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev sədrlik etmişdir.
Toplantıda çıxış edən M.Məmmədquliyev SPECA-nın fəaliyyətinin gücləndirilməsi və bununla bağlı həyata keçirilmiş idarəetmə islahatlarına, mövcud problemlərin aradan qaldırılmasına, Azərbaycan tərəfindən Proqram çərçivəsində tətbiqi üçün təklif olunmuş “SPECA üzv dövlətlərində iqtisadi inkişaf məqsədləri üçün İKT sahəsində potensialın artırılması, Azərbaycanda Dövlət Tənzimlənməsi və Elektron İdarəçilik üzrə İxtisaslaşdırılmış Regional Təlim və Elmi-Tədqiqat Mərkəzinin yaradılması” və “ÜTT-yə daxil olmaq, sonrakı danışıqlar və icra dövrü, həmçinin qeyri-rəsmi ÜTT Forumunun yaradılması üçün SPECA üzv dövlətlərinin potensialının artırılması” layihələrindən danışmışdır. O, Proqramın fəaliyyətinə iki və çoxtərəfli donorların cəlb olunmasının və SPECA-nın regionun digər əməkdaşlıq təşkilatları ilə tərəfdaşlığının gücləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Tədbirdə çıxış edən digər natiqlər SPECA-nın inkişafının perspektivlərinə dair mülahizə və təkliflərini söyləmişlər.
Toplantının sonunda Əfqanıstanın SPECA-ya qoşulması haqda sənəd, cari il noyabrın 9-10-da Almatıda və dekabrın 5-6-da Proqramın Su və Enerji, habelə İnkişaf üçün İKT üzrə işçi qruplarının yığıncaqlarının hesabatlarına və yuxarıda adları göstərilən layihələrə baxılmış və təsdiq edilmişdir.
Toplantıda, həmçinin bu ilin mayın 25-27-də Astanada “Mərkəzi Asiyada subregional iqtisadi əməkdaşlığın gücləndirilməsi və SPECA-nın gələcək rolu” mövzusunda keçirilmiş beynəlxalq konfransdan sonra görülmüş işlər, proqramın nəqliyyat, ticarət, statistika, gender və iqtisadiyyat üzrə işçi qruplarının hesabatları, SPECA-nın iqtisadi tədqiqatlar institutları şəbəkəsinin yaradılması təşəbbüsü barədə məsələ və Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı ilə SPECA Proqramı arasında əməkdaşlığa dair hesabat dinlənilmiş və müzakirə edilmişdir.
Gələn ilin iyun ayında SPECA-nın İdarəetmə Şurasının Bakıda keçirilməsi planlaşdırılan 1-ci toplantısına və İqtisadi Forumuna hazırlıq işləri müzakirə edilmiş və Azərbaycan tərəfindən Proqram çərçivəsində görülən işlər yüksək qiymətləndirilmişdir.