Bakıda Tatarıstanın turizm imkanlarının təqdimatı olmuşdur
Bakı, 23 iyun (AZƏRTAC). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Kazan Şəhər Xarici Əlaqələr və Turizm Komitəsinin təşkilati dəstəyi ilə iyunun 23-də Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Tatarıstan Respublikasının turizm imkanlarının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, Kazan Şəhər Xarici Əlaqələr və Turizm Komitəsinin sədri Yevgeniya Lodviqova bildirmişdir ki, Tatarıstanın paytaxtı Rusiya Federasiyasının ən inkişaf etmiş şəhərlərindən biridir.
O demişdir: “Kazan Tatarıstanın siyasi, iqtisadi və mədəni mərkəzidir. İstərdim ki, hər bir azərbaycanlı Kazanda olub bu şəhərin nə dərəcədə gözəl olduğunu görsün. Tatarıstan çox tolerant ölkədir. Paytaxtda 115-dən çox xalqın nümayəndəsi yaşayır. Şəhər sakinləri qonaqları mehribanlıqla qarşılayırlar. Kazanda gözəl servisi olan 132 mehmanxana vardır. Həftədə üç dəfə Bakı-Kazan reysi ilə uçuşlar həyata keçirilir. Turizm paketlərinin qiymətləri çox sərfəlidir”.
Sonra Kazan şəhərinin turizm potensialına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycanın turizm şirkətlərinin nümayəndələri və “Gənc turistlər” klubunun üzvləri də iştirak etmişlər.