Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 27 may (AZƏRTAC). Mayın 27-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Bakıdakı Misir Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Misir Ərəb Respublikasının (MƏR) mədəniyyət və tarixinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, institutun müəllimlərinin, tələbələrinin, jurnalistlərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan ATİ-nin prorektoru Eldar Aslanov Misir-Azərbaycan əlaqələrindən danışmışdır. E.Aslanov bildirmişdir ki, Azərbaycanda dünya xalqlarının tarixinə, mədəniyyətinə, incəsənətinə böyük maraq vardır. Bu görüş ölkələrimiz arasında yarım əsrdən çox tarixə malik elmi-mədəni əməkdaşlığın inkişaf göstəricisidir.
Diqqətə çatdırılmışdır ki, hələ XX əsrin ortalarında Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb dili filologiyası və tərcüməçilik ixtisası üzrə kadr hazırlığı həyata keçirilmişdir. Həmçinin ölkəmizin müxtəlif ali və orta təhsil ocaqlarında ərəb dili tədris olunur. ATİ-də seçmə fənlərin tədrisi proqramına ərəb dili daxil edilmişdir.
Prorektor bildirmişdir ki, bugünkü tədbir Misir Ərəb Respublikasının tarixi, mədəniyyəti və incəsənəti ilə yenidən tanışlıq imkanı verir.
Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş ATİ-nin kollektivi ilə görüşdən məmnunluğunu bildirmişdir. Direktor qeyd etmişdir ki, institutla mərkəz arasında təhsil, mədəniyyət sahəsində əlaqələr inkişaf edir. Misirin turizm ölkəsi kimi əsasən avropalıların maraq dairəsində olduğunu diqqətə çatdıran mərkəzin rəhbəri tədbirin iştirakçılarını öz ölkəsinə səyahətə dəvət etmişdir. Qonaq Misirdə müxtəlif era və sivilizasiyalara məxsus tarixi abidələrin turizm baxımından əhəmiyyətini vurğulamış, belə tədbirlərin xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə güclü təkan verdiyini diqqətə çatdırmışdır.
ATİ-nin turizmin təşkili və idarəedilməsi fakültəsinin dekanı Nəsir Nəsirli institutun dünyanın bir sıra tanınmış tədris müəssisələri ilə əməkdaşlığından danışmış, böyük turizm potensialına malik MƏR-in bu sahədəki nailiyyətlərindən bəhrələnməyi məqsədəuyğun olduğunu diqqətə çatdırmışdır.
İnstitutun müəllimi Minəxanım Əsədova MƏR ilə Azərbaycan arasında əlaqələrin tarixindən söz açmışdır.
Tədbirdə Misirin tarixi, mədəniyyəti, incəsənəti, təbiəti, turizm məkanları, abidələri və muzeylərindən görüntülər nümayiş etdirilmişdir.
Sonda görüş iştirakçıları MƏR-in tarixini əks etdirən incəsənət nümunələri, milli geyimlər, tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə tanış olmuşlar.