Bakının küçələrindən birinə görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin adı verilmişdir
Bakı, 1 dekabr (AZƏRTAC). Dekabrın 1-də paytaxtın Binəqədi rayonunda tanınmış qazax şairi, mütəfəkkiri və ictimai-siyasi xadimi Abay Kunanbayevin adına küçənin açılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Qazaxıstan respublikalarının dövlət himni səslənmişdir.
Mərasimi açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qazax xalqının böyük oğlu Abay Kunanbayevin adının Bakının küçələrindən birinə verilməsini hər iki xalqın həyatında əlamətdar bir hadisə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, tarix boyunca xalqlarımız arasında əlaqələrin hərtərəfli inkişafında ən böyük uğur ümummilli lider Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin birgə səyləri nəticəsində əldə edilmiş və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
E.Ağayev yaxın zamanda Qazaxıstanda da dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd ediləcəyini nəzərə çarpdırmış, eləcə də ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov Azərbaycan-Qazaxıstan əlaqələrinin bugünkü inkişafında böyük öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Sonra səfir müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi Abay Kunanbayevin həyat və yaradıcılığı barədə ətraflı məlumat vermiş, onun qazax poeziyasını yeni formalarla zənginləşdirən, yeni ictimai məzmun gətirən şeirlərlə qazax poeziyasının gözəl nümunələrini yaratdığını diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Elmira Axundova çıxışında görkəmli qazax şairinin yaradıcılığından bəhs etmiş, Abayın Şərq, həmçinin rus və Avropa ədəbiyyatından gözəl tərcümələri ilə yadda qaldığını söyləmişdir. E.Axundova demişdir ki, qazax ədəbiyyatının banilərindən biri olan Abay Kunanbayevin çoxşaxəli yaradıcılğını Azərbaycanda da yaxşı tanıyır və sevirlər. Ölkəmizdə Abay Kunanbayevin tanınmış Azərbaycan mütəfəkkirləri Mirzə Fətəli Axundov və Mirzə Ələkbər Sabirlə müqayisə edildiyini deyən natiq, onun qazax xalqının maariflənməsində əvəzsiz xidmətləri olduğunu vurğulamışdır.