“Balakən” Futbol Klubunun nümayəndələri ilə görüş olub
Balakən, 20 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən Rayon İcra Hakimiyyətində rayonun eyniadlı futbol klubunun rəhbərliyi ilə görüş olub. Görüşdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, “Balakən” Futbol Klubunun (FK) prezidenti Bəhruz Daşdəmirov və klubun nümayəndələri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına, xüsusilə futbolun kütləviliyinin təmin olunmasına göstərilən dövlət qayğısından bəhs edilib, Balakən rayonunda idmanın bu növünə marağın artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Müzakirələr zamanı “Balakən” FK-nın hazırkı vəziyyəti, komandanın qarşılaşdığı cari problemlər və onların aradan qaldırılması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Klub rəhbərliyi tərəfindən infrastrukturun təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və gənc futbolçuların yetişdirilməsi ilə bağlı təkliflər səsləndirilib, klubun gələcək hədəfləri müəyyənləşdirilib.
Rayon icra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq dəstəyin göstəriləcəyini vurğulayıb.
Klub təmsilçiləri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edərək, rayonun idman şərəfini layiqincə qorumaq üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.