Balakəndə karantin qaydalarını pozan beş şadlıq sarayı aşkarlanıb
Bakı, 21 iyul, AZƏRTAC
Polis əməkdaşlarının Balakəndə müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində beş şadlıq sarayında təşkil edilən toy mərasimlərində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon ərazisində fəaliyyət göstərən “Sultan Palace” şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən olunan həddən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Obyekti işlədən Yaşar Xəlilov aşkarlanan qayda pozuntuları ilə bağlı inzibati məsuliyyətə cəlb edilib və 4 min manat məbləğində cərimələnib.
Keçirilən yoxlamalar zamanı rayon ərazisində yerləşən “Xəzər”, “Karvan”, “Anar” və “Grand Palace” şadlıq saraylarında da müvafiq qayda pozuntularına rast gəlinib. Həmin obyektlərin icarədarları və sahibləri barəsində də qanunvericiliyə uyğun tədbir görülüb, barələrində cərimə protokolları tərtib edilib.