BANKLAR ARASINDA ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ TÜRKDİLLİ DÖVLƏTLƏRİN İQTİSADİYYATININ İNKİŞAFINDA MÜHÜM ROL OYNAYACAQDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvləri sentyabrın 12-də Türkiyə Banklar Assosiasiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşlər.
Komissiyanın sədri Ziyad Səmədzadə müstəqil Azərbaycanın iqtisadiyyat, xüsusən də bank sistemi sahəsində qazandığı uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, dünyanın nüfuzlu iqtisadi qurumları və beynəlxalq agentliklərinin apardıqları sorğunun nəticəsində bu gün Azərbaycan investisiya mühitinə görə dünyada lider ölkələrdən biridir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasət nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmiş və dünyada öz layiqli yerini tutmuşdur. Azərbaycanda həm də yaxşı qanunverici baza formalaşmışdır, parlamentdə bir sıra mühüm qanunlar qəbul olunmuşdur.
Z.Səmədzadə daha sonra Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərindən danışmış, digər sahələrdə olduğu kimi, maliyyə qurumları, xüsusən də banklar və banklar assosiasiyaları arasında əməkdaşlığın iqtisadi münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulamışdır. O demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında qardaş Türkiyə ilə əlaqələrin hərtərəfli inkişafının vacibliyini qeyd edir, bununla bağlı tövsiyələrini verir. Ona görə də hesab edirik ki, ölkələrimizin banklar assosiasiyaları arasında əməkdaşlığın genişlənməsi olduqca vacibdir. Bu, həm də digər türkdilli dövlətlərlə də əlaqələrin inkişafına, eləcə onların da iqtisadi dirçəlişinə səbəb olacaqdır.
Z.Səmədzadə bankların və banklar assosiasiyalarının köməyi ilə türkdilli dövlətlərin inkişaf strategiyasının hazırlanmasının vacibliyini vurğulamışdır.
Türkiyə Banklar Assosiasiyasının baş katibi Ekrem Keskin ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. O demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox sürətli inkişaf yolu keçmişdir. İqtisadiyyatı, bank sektoru getdikcə güclənir. İndi həqiqətən də Azərbaycan əlverişli investisiya mühiti ilə dünyanın diqqətini cəlb edir. Bu yaxınlarda İstanbulda türkdilli dövlətlərin banklar assosiasiyaları rəhbərlərinin görüşü keçirilmişdir. Gələn il bu cür görüşlərə region dövlətlərinin də cəlb olunmasına çalışırıq. Qardaş Azərbaycanın bankları və bank sistemləri ilə əlaqələrin inkişafı bizim ortaq ideyalarımızın gerçəkləşməsinə, iqtisadiyyatımızın inkişafına xidmət edir.
Söhbətdə Azərbaycanın və Türkiyənin birgə iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, nəzərdə tutulmuş proqramlar və qarşılıqlı maraq doğuran digər məsələlər də yer almışdır.
Görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Eldar İsmayılov, ABA-nın rəyasət heyətinin üzvləri iştirak etmişlər.