“Barselona” doğma meydanda “Real Sosiedad” klubunu minimal hesabla məğlub edib
Bakı, 8 mart, AZƏRTAC
Martın 7-də futbol üzrə İspaniya La Liqasında 27-ci turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Barselona” öz meydanında “Real Sosiedad” klubunu qəbul edib. “Nou Kamp” stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb (1:0). Oyunun taleyini həll edən qol görüşün 81-ci dəqiqəsində vurulub. Lionel Messi hakimin təyin etdiyi 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu qələbədən sonra Kataloniya təmsilçisi xal ehtiyatını 58-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Real Sosiedad” isə 43 xalla altıncı yerdə qərarlaşıb. “Barselona”nın əzəli rəqibi, bir oyun az keçirən “Real Madrid” isə 56 xalla ikinci pillədə qərarlaşıb. Madridlilər martın 8-də səfərdə “Real Betis”in qonağı olacaqlar.
Turun digər maraq doğuran görüşü “Vanda Metropolitano” stadionunda baş tutub. “Sevilya” klubu səfərdə “Atletiko Madrid” komandasının qonağı olub. Gərgin hücumlarla yadda qalan görüşdə dörd qol vurulub. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Turun digər oyunlarında “Malyorka” səfərdə “Eybar”ı məğlub edib (2:1). “Deportivo Alaves”-“Valensiya” matçında isə qalib müəyyənləşməyib (1:1).