Baş nazir Şinzo Abe: Yaponiya Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verir
Tokio, 20 dekabr, AZƏRTAC
Yaponiyada akkreditə olunmuş yapon dilində danışan səfirlər üçün Baş nazir Şinzo Abe tərəfindən nahar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şinzo Abenin dəvəti ilə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.
Görüş zamanı hər bir səfirə Baş nazirlə söhbət imkanı yaradılıb.
G.İsmayılzadə Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığımızın xüsusən iqtisadi sahədə genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfir, həmçinin 2017-ci il sentyabrın 7-də Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunduğunu nəzərə çatdırıb.
2017-ci ilin ikitərəfli münasibətlər baxımından səmərəli olduğunu vurğulayan səfir fevralın 23-də Azərbaycan-Yaponiya birgə iqtisadi komissiyasının növbəti iclasının Bakıda yüksək səviyyədə keçirildiyini xatırladıb. Azərbaycanın 1918-1920-ci illərdə müsəlman Şərqində yaradılan ilk demokratik dövlət olduğu, 2018-ci ildə ölkəmizin müstəqilliyinin 100 illiyinin qeyd ediləcəyi bildirilib.
Şinzo Abe verilən məlumatlara görə minnətdarlığını ifadə edib. Baş nazir Yaponiyanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Tədbirdə yapon dilində danışan 24 səfir iştirak edib.
Xatırladaq ki, ilk belə görüş-nahar 2015-ci ilin dekabrında və 2017-ci ilin yanvarında təşkil olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio