Baş Prokurorluq əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə tədbirlərini davam etdirir
Bakı, 22 avqust, AZƏRTAC
İşçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi, habelə işçinin əməkhaqqının vaxtında verilməməsi və digər qanun pozuntuları barədə vətəndaşlar və dövlət qurumlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmalar aparılıb.
Baş Prokurorluqdan AZƏRTAC-a verilən xəbərə görə, araşdırmalarla ölkə ərazisində qida və qeyri-qida məhsullarının satışını həyata keçirən supermarketlərdən biri tərəfindən işçiyə ayda bir dəfədən az olmayaraq əməkhaqqı verilməsi, habelə əməkhaqqının hesablanması və ödənilməsi barədə qanunun tələblərinin pozulması müəyyənləşdirilib.
Həmçinin müəyyənləşdirilib ki, Ağcabədi rayonunda əczaçılıq fəaliyyətini həyata keçirən müəssisələrdən biri uzun müddət işçini əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edib.
Qeyd olunan faktlar üzrə hüquqi və vəzifəli şəxslər barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 192.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə və Dövlət Əmək Müfəttişliyinə göndərilib.